Mən bu məktubu Azərbaycandan kənarda yazıram. Bir çox həmkarlarım kimi yaşamaq və işləmək üçün Azərbaycanı tərk etməyə məcbur olmuşam. Amma ölkədən çıxmaq təhlükədən tam xilas olmaq demək deyil. Avtoritar rejimlər sərhədlərlə bitmir. Onlar insanın bədəni ilə birlikdə yaddaşına, münasibətlərinə və gündəlik həyatına daşınır.
İnsan hüquqları müdafiəçisi olmaq Azərbaycanda sadəcə peşə deyil. Bu, davamlı risk altında yaşamaq deməkdir. Uzun illərdir ki, hüquq müdafiəçiləri, jurnalistlər, feministlər, kuir aktivistlər və vətəndaş cəmiyyəti nümayəndələri təqib, həbs, qarayaxma kampaniyaları və dövlət nəzarəti ilə üz-üzədirlər. İnsanların telefonları izlənilir, şəxsi yazışmaları yayımlanır, ailələri hədələnir, yaxın çevrələri təzyiqə məruz qalır. Bəzən sosial mediada sadəcə bir paylaşım, bir müsahibə və ya bir tədbirdə iştirak insanın həyatını tamamilə dəyişə bilir.
Bu işin təhlükəsi yalnız həbs olunmaq ehtimalı deyil. Təhlükə həm də davamlı qeyri-müəyyənlik hissidir. Sən heç vaxt tam təhlükəsiz olduğunu hiss etmirsən. Hava limanından keçəndə saxlanılıb-saxlanılmayacağını bilmirsən. Telefonuna gələn naməlum mesaj səni qorxudur. Yeni insanlarla tanış olanda ehtiyat edirsən. Bir müddət sonra insan bədəni bu qorxuya uyğunlaşmağa başlayır.
Kənardan baxanda insan hüquqları işi çox zaman qəhrəmanlıq kimi görünür. Əslində, bu əmək görünməz, yorucu və emosional baxımdan ağır əməkdir. Biz sənədləşdiririk, yazırıq, dinləyirik, tərcümə edirik, insanları bir-biri ilə əlaqələndiririk, dəstək oluruq və bəzən yas saxlayırıq. Həbs olunan dostlarımız üçün kampaniyalar hazırlayırıq. Yoxa çıxan səsləri arxivləşdiririk. Uzunmüddətli təzyiq və əzablara görə travma alan insanlara dəstək verməyə çalışırıq. Eyni zamanda, öz qorxularımızı və tükənmişliyimizi gizlətməyi öyrənirik.
Düz 16 il əvvəl mən vətəndaş cəmiyyətinə tələbə antikorrupsiya hərəkatı olan “Dalğa Gənclər Hərəkatı” vasitəsilə daxil oldum. Bu ay 34 yaşım tamam olur və həyatımın yarısını insan hüquqları uğrunda mübarizəyə həsr etmişəm. O vaxt biz gənc idik və inanırdıq ki, dəyişiklik mümkündür. İnanırdıq ki, daha demokratik, daha ədalətli və qorxu içində yaşamayan bir cəmiyyət qura bilərik.
Sonralar mən peşəkar şəkildə sülh quruculuğu ilə məşğul oldum və Ermənistanla olan münaqişənin dinc həlli üçün əlimdən gələni etməyə çalışdım. O illərdə dialoq, barışıq və qarşı tərəfi insan kimi görə bilmək mənim üçün həm siyasi, həm də etik məsələ idi. Lakin regionda militarizm və millətçilik güclənirdi və bunu izləmək ağır idi. Mən yeniyetmə olduğum dövrdən bu günə qədər vəziyyət daha da pisləşdi. Demokratiya gəlmədi. Əksinə, repressiyalar daha da dərinləşdi, vətəndaş cəmiyyəti zəiflədi və bir neçə müharibə baş verdi.
Bəzən geriyə baxanda düşünürəm ki, həyatımın böyük hissəsi böhran, qorxu və zorakılıq şəraitində keçib. Buna baxmayaraq, mən hələ də insanların bir-biri ilə danışa bilməsinin, münasibət qura bilməsinin və başqa bir gələcəyi təsəvvür etməsinin vacibliyinə inanıram.
Son illərdə Azərbaycanda repressiyalar daha da sərtləşib. Ölkə daxilində mövcud olan müstəqil media demək olar ki, məhv edilib. Bir çox hüquq müdafiəçisi və jurnalist həbs olunub və ya ölkəni tərk etməyə məcbur qalıb. Bu gün Azərbaycan vətəndaş cəmiyyətinin böyük hissəsi sürgündə yaşayır. Amma sürgün azadlıq romantikası deyil.
Sürgündə həyat çox vaxt parçalanmış həyatdır. İnsan bir anda dilini, evini, gündəlik münasibətlərini və aidiyyət hissini itirir. Yeni ölkədə yenidən həyat qurmağa çalışırsan, amma beyninin bir hissəsi həmişə geridə qoyduqlarında qalır. Sən hələ də həbs olunan dostlarının xəbərlərini izləyirsən. Hələ də ölkədə qalan insanlar üçün narahat olursan. Hələ də ailənin təhlükəsizliyini düşünürsən.
Sürgündə insan hüquqları işi başqa formada davam edir. Sürgündə həyat gecə saatlarında təcili kampaniyalar, həbs xəbərləri, beynəlxalq təşkilatlarla görüşlər, tərcümələr, maliyyə qeyri-sabitliyi və daimi emosional yorğunluq ilə müşayət olunur. Bir çoxumuz qeyri-müəyyən vizalarla, qısamüddətli müqavilələrlə və psixoloji tükənmə ilə yaşayırıq. Siyasi repressiyanın təsiri ölkədən çıxdıqdan sonra da bədəni tərk etmir.
Ən ağır hisslərdən biri isə görünməzlik hissidir. Çünki sürgündə insan həm öz ölkəsi üçün “xaricdəki biri” olur, həm də yaşadığı ölkəyə tam aid ola bilmir. Sən iki dünya arasında qalırsan. Bəzən insan yalnız öz dilində danışanda nəfəs ala bildiyini hiss edir.
Mənim üçün xüsusilə ağır olan məqamlardan biri müharibədən sonra regionda nifrətin, militarizmin və qütbləşmənin necə dərinləşdiyini izləmək idi. Sülh, dialoq və barışıq haqqında danışmaq getdikcə daha təhlükəli və daha izolyasiyaedici hala gəldi. İnsanlar qorxu içində susmağa alışdı. Avtoritar sistem yalnız hüquqları məhdudlaşdırmır, o, insanların bir-birinə inanmaq və birlikdə gələcək təsəvvür etmək qabiliyyətini də dağıdır.
Buna baxmayaraq, mən hələ də müqavimətin mümkün olduğuna inanıram. Bəzən müqavimət sadəcə sağ qalmaqdır. Bəzən bir-birini dinləməkdir. Təhlükəsiz məkan yaratmaq, travmanı kollektiv şəkildə daşımaq və insanların ləyaqətini qorumaq da siyasi hərəkətdir.
Mən insan hüquqları müdafiəsini yalnız hüquqi və siyasi fəaliyyət kimi yox, həm də qayğı əməyi kimi görürəm. Çünki avtoritar sistemlər insanları təcrid etməyə çalışır, biz isə əlaqələri qorumağa çalışırıq.
Bu məktub bəlkə də cavablardan çox suallar daşıyır. 300-dən çox siyasi məhbusu olan ölkədə ədalət nədir? Ədalət yalnız məhkəmə zallarında mümkündürmü? Ki bu da Azərbaycanda hələ ki mümkun deyil… Yoxsa ədalət insanların bir-birinə dəstək verməyi, qorxu içində belə münasibət qurmağa davam etməsi ilə başlayır?
Düşünürəm ki,, transformativ və keçid dövrü ədaləti məhz insanların başqa bir gələcəyi təsəvvür etmək gücü ilə başlayır. Amma bunun qarşısında dövlət zorakılığı, patriarxiya, militarizm, millətçilik və yorğunluq kimi çoxlu maneələr var. Xüsusilə də, yorğunluq. Çünki repressiv sistemlər yalnız bədəni deyil, təsəvvürü də tükəndirməyə çalışır.
Yenə də, bütün bunlara baxmayaraq, biz hələ də buradayıq. Yazırıq, danışırıq, sənədləşdiririk, yas saxlayırıq və bir-birimizi tək qoymamağa çalışırıq.
Bizim əməyimiz çox zaman görünməz qalır. Görünməz qalsa da, bu əmək hələ də davam edir.
//
- Image Cover
Portrait of the author. Courtesy Hamida Giyasbayli